Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, ailə məsələləri üzrə mütəxəssis və məsləhətçi Höccətül-İslam vəl-müslimin Seyid Əlirza Təraşiyun çıxışlarından birində “Valideynlərin maarif səviyyəsinin və bacarıqlarının tərbiyəvi və ailəvi zərərlərin qarşısının alınmasındakı rolu” mövzusunda sual-cavab şəklində müzakirə aparmışdır. Aşağıda həmin çıxışın əsas məzmunu dəyərli oxucuların diqqətinə təqdim olunur.
Söhbətin yeddi əsas istiqaməti:
1. Uyğun olmayan kitabların uşağın tərbiyə və şəxsiyyətinin inkişafında qoyduğu mənfi təsiri
2. Uşağın yaşına uyğun kitabların düzgün şəkildə seçilməsinin əhəmiyyəti
3. Uşağın qorxu, narahatlıq və yuxu problemlərinin aradan qaldırılmasına yardım
4. Valideynlərin uşağa daim xəbərdarlıq etməsi əvəzinə tətbiq edə biləcəyi alternativ tərbiyə üsulları
5. Gənc övladın evlilik qərarlarında valideynlərin düzgün istiqamətləndirmə və məsləhət rolu
6. Yeniyetmələrin telefon və internet məzmunundan istifadəsinə nəzarət və istiqamətvermə
7. Uşaqların zehni qidalanması və intellektual mənbələrinin diqqətlə seçilməsinin vacibliyi
Valideynlər hər zaman sağlam, layiqli və uğurlu övladlar tərbiyə etməyə çalışırlar.
Lakin bəzən bu yolda qarşıya çıxan müxtəlif maneələr və çətinliklər tərbiyə prosesini ləngidir və bəzən də pozur.
Media təsiri, valideynlərin işsizliyi və ya övladları üçün nizamlı proqramın olmaması kimi amillər tərbiyə prosesinə mənfi təsir göstərən əsas səbəblərdəndir. Bu müzakirədə həmin məsələlərlə yanaşı, bir sıra digər amillərə də toxunulacaq ki, onların bəziləri elə bu proqram çərçivəsində ətraflı şəkildə araşdırılacaq inşallah.
Kitab uşağın şəxsiyyət, düşüncə və duyğularının formalaşmasında birbaşa təsirə malikdir
Tərbiyə prosesinə mənfi təsir göstərən əsas amillərdən biri uyğunsuz kitablardır.
Uyğunsuz kitab dedikdə, məzmunu ilə uşağın zehninə və davranışına yanlış və pozucu modellər ötürən əsərlər nəzərdə tutulur.
Unutmaq olmaz ki, kitab yalnız əyləncə vasitəsi deyildir. O uşağın şəxsiyyətinin, təfəkkür tərzinin və emosional dünyasının formalaşmasına birbaşa təsir göstərir.
Uşaqlar adətən hekayələrdəki qəhrəmanlarla özlərini eyniləşdirirlər yəni özlərini həmin obrazın yerinə qoyur, onun davranış və danışıq tərzini mənimsəyirlər.
Məsələn, dörd-beş yaşlı bir uşağa “Tənbəl Məmməd” adlı kitab aldığınızı düşünün.
Burada bir neçə ciddi məqam ortaya çıxır:
Birincisi, müqəddəs və hörmətli adların bu kimi başlıqlarda işlədilməsi tamamilə yolverilməzdir.
İkincisi, kitabın ümumi məzmunu mənfi xarakter daşıyır. Çünki hekayə boyu “tənbəllik” mövzusu əsas xətt kimi təqdim olunur. Uşaq isə bu prosesdə tənbəl bir insanın xüsusiyyətlərini öyrənir və zehnində modelləşdirir.
Bəziləri belə düşünə bilər ki, Sədinin məşhur misalında deyildiyi kimi:
“Ədəbi kimdən öyrəndin? — Ədəbsizdən.”
Uşaqlar da bəzən mənfi davranışlardan ibrət ala bilərlər.
Lakin bu prinsip uşaqlara şamil edilə bilməz. Çünki onlar hələ tənqidi düşüncə mərhələsinə çatmayıblar və mənfi davranışları analiz edib onlardan düzgün nəticə çıxarmaq bacarığına malik deyillər.
Bu səbəbdən uşaqlar mənfi davranışları çox asanlıqla öyrənir və təqlid edirlər.
Beləliklə, əgər bir kitabda tənbəllik, ədəbsizlik və ya yanlış davranışlar davamlı şəkildə təsvir edilirsə bu uşağın zehni aləmini həmin davranışlara uyğun istiqamətləndirir.
Nəticədə belə kitablar uşağın tərbiyəsi üçün tamamilə zərərli hesab edilir.
Tərbiyə prosesinin ən mühüm mərhələsi – düzgün kitab seçimi
Bu məsələ yalnız kiçik yaşlı uşaqlara deyil, həmçinin yeniyetmə dövründə olan gənclərə də aiddir.
Məsələn, əgər yeniyetmələr üçün emosional və ya məhəbbət mövzulu romanlar yəni hadisələrin əsas xəttini qız və oğlan arasında emosional münasibətlər təşkil edən əsərlər alınırsa, diqqət yetirmək lazımdır ki, bu cür kitablar gəncin zehninə və duyğularına nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərə bilər.
Bu yaş dövründə övladlarımız şəxsi və emosional kimliklərinin formalaşması mərhələsində olurlar.
Belə məzmunlarla nəzarətsiz və düşünülməmiş qarşılaşma, onların şüurunda səhv qavrayışların və yalnış emosional təsəvvürlərin yaranmasına səbəb ola bilər.
Buna görə də valideynlər övladları üçün kitab seçərkən yüksək diqqət və maariflə hərəkət etməlidirlər.
Tövsiyə olunur ki, hər hansı kitab alınmazdan əvvəl tərbiyə və uşaq ədəbiyyatı sahəsində ixtisaslaşmış mütəxəssislərlə məsləhətləşmə aparılsın.
Bundan əlavə, valideynlər kitabı övladlarına təqdim etməzdən öncə, heç olmasa ümumi şəkildə onu mütaliə etməli, orada tərbiyə baxımdan zərərli və ya uyğunsuz məzmunun olmadığından əmin olmalıdırlar.
Eyni zamanda, kitab alınmazdan əvvəl onun haqqında etibarlı mənbələrdə və ya onlayn platformalarda məlumat axtarmaq, mütəxəssislərin və digər valideynlərin fikirləri ilə tanış olmaq da faydalıdır.
Əgər müəyyən edilsə ki, kitab tərbiyə baxımından zərərsizdir və onun məzmunu övladın yaş səviyyəsinə, dəyərlərinə və ehtiyaclarına uyğundur, onda həmin kitabı rahatlıqla uşağa təqdim etmək olar.
Ümumilikdə, valideynlərin övladlarının oxu mənbələrinə xüsusilə də kitablarına ağıllı və şüurlu şəkildə nəzarəti, onların zehni, mənəvi və əxlaqi sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edir.
Kitab uşağın inkişafı və kamilliyinə körpü ola bilər. Lakin düzgün seçilmədiyi təqdirdə, fikri və davranış sapmalarına səbəb ola bilər.
Buna görə də düzgün və məsuliyyətli kitab seçimi, tərbiyə prosesinin ayrılmaz və vacib hissəsidir.
Oxucular tərəfindən verilmiş bəzi suallar
Sual:
Səkkiz yaşlı oğlum gecələr yata bilmir, qorxu və narahatlıq hissi keçirir. Yeni evə köçmüşük və hələ də tək yatmaqdan qorxur. Qorxu, gərginlik və ürəkbulanma hiss edir, filmlərə və cizgi filmlərinə qarşı həssaslaşıb, elə düşünür ki, evə oğru girə bilər və ya valideynlərini itirə bilər. Anasına çox bağlıdır. Ona necə kömək edə bilərik?
Cavab:
Söhbətə Həzrət Əmirəl-möminin Əlinin (ə) bir kəlamı ilə başlamaq istəyirəm. Həzrət buyurur:
“Qorxunun meyvəsi təhlükəsizlikdir.”
Bu hədisin mənası budur ki, qorxu hissi insan fitrətində mövcud olan ilahi bir mexanizmdir və insanı təhlükələrdən qorumaq üçün yaradılmışdır.
Odur ki, uşaqların qorxusundan narahat olmaq və onu qeyri-adi saymaq düzgün deyil. Əksinə bu hiss psixoloji sağlamlığın və emosional həssaslığın əlamətidir.
Əslində qorxu insanın fitrətində mövcud olan ilahi bir mexanizmdir
Əslində qorxu hissi insanın varlığında Allah tərəfindən yerləşdirilmiş təbii bir mexanizmdir ki, onu təhlükələr və narahatlıqlardan qoruyur.
Odur ki, övladlarımızın qorxusundan narahat olmağa və ya onu qeyri-adi hesab etməyə əsas yoxdur. Çünki bu hiss, təbiətin bir parçası və uşağın psixoloji sağlamlığının göstəricisidir.
Valideynlərin verdiyi izahlardan belə görünür ki, bu ailə keçmişdə müəyyən bir hadisə və ya psixoloji travma yaşamışdır.
Bu səbəbdən, səkkiz–doqquz yaşlı bir uşağın belə bir təcrübədən sonra narahatlıq və qorxu hissləri keçirməsi eləcə də bu halın müəyyən müddət davam etməsi tamamilə təbiidir.
Belə hallarda valideynlərin ən mühüm vəzifəsi uşağın qorxuya əsaslanan reaksiyalarına sakit və arxayınlıq yaradan şəkildə cavab verməkdir.
Uşağa başqa yollarla və məntiqi izahlarla “narahat olma, artıq ünvanımızı dəyişmişik”, “evin qapısı bağlıdır, heç kim gələ bilməz” və ya “damın yolu örtülüb, təhlükə yoxdur” kimi ifadələr işlətmək məsələnin həllinə kömək etmir.
Əksinə, bu cür izahatlar uşağın zehnində keçmişdəki qorxulu hadisəni yenidən canlandıra və onun narahatlığını artırar.
Əvəzində, sakit və sevgi dolu davranışla uşağa emosional rahatlıq və inam hissi aşılanmalıdır.
Əgər uşaq yalnız anasının yanında olarkən özünü təhlükəsiz hiss edirsə, qısa müddətə ana onun otağında qonaq kimi qala bilər.
Lakin burada vacibdir ki, ana öz yataq ləvazimatlarını tam şəkildə uşağın otağına köçürməsin. Çünki bu uşaqda onun həmişəlik yanında qalacağı təəssüratını yarada bilər.
Daha münasib olan odur ki, ana yüngül bir döşək və sadə bir yastıqla otaqda qalsın və uşağa desin:
“Hazırda bu mövzudan qorxduğun üçün mən sənin yanındayam, səni tək buraxmayacağam.”
Bu müvəqqəti yoldaşlıq yaxud müvəqqəti bir yerdə olmaq uşağa təhlükəsizlik və güvən hissi qazandıracaq.
Unutmaq olmaz ki, uşaqlarda qorxu reaksiyalarını aradan qaldırmaq üçün mürəkkəb üsullara ehtiyac yoxdur.
Əgər onlar üçün emosional və psixoloji cəhətdən təhlükəsiz bir mühit yaradılsa, bu narahatlıq tədricən öz-özünə aradan qalxacaq.
Ən önəmli məqam budur ki, hadisənin özü və ya oxşar mövzular barədə danışmaqdan çəkinmək lazımdır.
Çünki bu cür söhbətlər problemin həllinə deyil, əksinə uşağın zehnində köhnə qorxuların və narahat xatirələrin yenidən oyanmasına səbəb olur.
Məsələn, valideynlər “bax, damın qapısını bağlamışıq və artıq oğru gələ bilməz” kimi cümlələri təkrar etdikcə, uşağın düşüncəsini yenidən həmin qorxulu hadisəyə yönəldir və bununla da onun narahatlığını artırırlar.
Beləliklə, ən düzgün yanaşma uşağa yalnız emosional sabitlik və təhlükəsizlik hissi ötürmək, eyni zamanda onun zehnini narahat hadisələrdən uzaq tutmaqdır.
İkinci və sonuncu məqam
Valideynlərin qeyd etdiyi kimi uşaq gündüz saatlarında kifayət qədər fiziki aktiv deyil.
Buna görə də yatmaq vaxtı gəldikdə onun bədənində hələ artıq enerji qalır.
Ümumiyyətlə enerjisi yüksək, lakin gündəlik hərəkəti az olan uşaqlar gecə yatağa uzandıqları zaman fikirlərinin dağınıq və narahat olmasına görə yata bilmirlər.
Bu səbəbdən, valideynlərə tövsiyə olunur ki, gün ərzində uşağın oyun və fiziki fəaliyyətinə şərait yaratsınlar ki, o, axşam saatlarında təbii şəkildə yorulsun.
Bu halda, başını yastığa qoyan kimi yuxuya gedəcək və gecə narahatlığı tədricən aradan qalxacaq.
Nəticə olaraq, iki əsas məqam diqqətdə saxlanmalıdır:
1. Valideynlərin, xüsusilə ananın, sakit və inamverici iştirakı vasitəsilə uşaqda emosional təhlükəsizlik hissinin yaradılması.
2. Uşağın gündəlik enerjisinin oyun və hərəkət yolu ilə boşaldılması, həmçinin yatan vaxtı zehni gərginliyin qarşısının alınması.
Bu iki əsas məqama riayət edildiyi və valideynlərin sakit, davamlı və anlayışlı şəkildə uşağa emosional dəstək göstərdiyi təqdirdə, uşaq tədricən gecə qorxularını arxada qoyacaq və yenidən normal, dərin və sakit yuxusuna qovuşacaq inşallah.
“Həyat yoldaşım səkkiz yaşlı oğlumuza daim irad tutur, onu danlayır və hərəkətlərini bəyənmir. Nə qədər desəm də ki, bu üsul düzgün deyil, mənə qulaq asmır və öz bildiyini edir. Əsəbi, qapalı və tənqidə meyilli bir insandır. Bu vəziyyəti necə idarə edə bilərəm?”
Adətən tərbiyə mövzusunda bir çox valideynlər düzgün metodlardan istifadə etmək əvəzinə yanlış üsullara üz tuturlar.
Eyni hal daimi irad və tənbeh məsələsində də müşahidə olunur.
Bəs niyə bəzən fasiləsiz olaraq övladımıza irad tuturuq?
Çünki alternativ yolları bilmirik.
Niyə davamlı əmrlər və qadağalar qoyuruq?
Çünki düzgün tərbiyə üsullarını və uşağın davranışına necə yanaşmağı öyrənməmişik.
Əslində, bu ailədə baş verən vəziyyəti bir cümlə ilə ifadə etsək, deməliyik ki, bu hal tərbiyə savadsızlığının göstəricisidir.
Valideynlər, xüsusilə ata yalnız “danlamaq, əmr etmək, qadağan etmək və bəzən cəzalandırmaq” üsulunu bildiyi üçün bu vasitələrdən istifadə edir.
Halbuki bu vasitələr, əslində, “anti-tərbiyə” adlandırılır yəni tərbiyə məqsədi daşısa da, nəticədə əks təsir göstərir və uşağın ruhiyyəsinə zərər vurur.
Bu səbəbdən ilk və ən vacib addım, valideynlərin tərbiyə haqqında bilik və bacarıqlarının artırılmasıdır.
İcazə verin, bunu bir qədər ətraflı izah edim.
Uşağın səhv davranışının iki əsas səbəbi
Uşaq bir davranışında səhv etdikdə, bunun əsas iki səbəbi ola bilər:
1. Davranış onun nəzarətində deyil, yəni səhv qəsdən yox, təsadüfən və ya mühitin təsiri altında baş verir.
Məsələn, uşaq oyun zamanı təsadüfən ayağı ilə çay qabına toxunur və onu yerə salır.
Bu halda onu danlamağa və ya öyrətməyə ehtiyac yoxdur. Sadəcə mühiti daha təhlükəsiz etmək lazımdır. Məsələn, çay qabını uşağın keçdiyi yoldan uzaq tutmaq.
2. İkinci səbəb isə odur ki, uşaq hələ lazım olan bacarığı öyrənməyib.
Məsələn, valideynlər tez-tez deyirlər: “Otur, dərsini yaz!”, “Niyə yenə işlərini axşama saxladın?”
Bu kimi iradlar öyrətmək deyil, sadəcə təkrarlanan xəbərdarlıqdır.
Halbuki bəlkə də uşaq vaxt planlaması bacarığını hələ mənimsəməyib.
Bu halda valideynin vəzifəsi danlamaq yox, həmin bacarığı öyrətməkdir.
Empatiya və birgə planlaşdırma
Valideyn empatiya və əməkdaşlıqla davranmalıdır.
Məsələn, ana belə deyə bilər:
“Əzizim, demirəm ki, televizora baxma, baxa bilərsən. Demirəm ki, oynama, oynamaq da sənin haqqındır. Amma dərsini də yazmalısan. Gəl, birlikdə plan quraq: Məsələn sən hansı cizgi filmini daha çox sevirsən? Saat neçədə olur? Saat altıda? Əla, altıda bax, sonra televizoru söndürək. Gəl, bir az da birlikdə oyun oynayaq. Məsələn, düşüncə oyunu və ya ‘ətəl-mətəl’. Oyun bitəndə rahatca dərsini yaza bilərsən.”
Belə bir mehriban və planlı mühitdə, evdə gərginlik azalır, əməkdaşlıq və anlayış yaranır.
Deməli, daimi irad və danlaqlar əvəzinə, planlaşdırma və bacarıq öyrətmə üsulu tətbiq olunmalıdır.
Ər-arvad münasibətində qarşılıqlı anlayışın rolu
Şikayət edən xanımın vəziyyəti ilə bağlı qeyd etmək lazımdır ki, məsələni birbaşa irad və tənbeh yolu ilə deyil, sakit və qarşıdurmasız mühitdə həll etmək lazımdır.
Məsələn, birgə tərbiyə mövzusunda kitablar oxumaq üçün müəyyən vaxt ayırmaq faydalıdır.
Bu, həm maarifləndirici, həm də münasibəti gücləndirən bir üsuldur.
Mən adətən xanımlara dilin gücündən düzgün istifadə etməyi tövsiyə edirəm.
Əgər qadın yumşaq, təsirli və mehriban danışmağı bacarırsa, ərinin davranış və düşüncəsində dərin müsbət dəyişikliklər yarada bilər.
Təəssüf ki, bəzi xanımlar fərqində olmadan sərt, buyurucu və ya tənqidi tonda danışırlar və bu ərin daxili müqavimətinə və inadkarlığına səbəb olur.
Bir dəfə bir qadın mənə belə dedi:
“Bir müddət əvvəl həyat yoldaşımın başqa bir qadınla əlaqəsi olduğunu öyrəndim. Onu tapdım, mübahisə etdim və nəticədə ərimi evdən qovdum.”
Səbəbini soruşduqda belə cavab verdi: “Təəccüblüdür, o qadın ərimdən on üç–on dörd yaş böyük idi, xüsusi gözəlliyi yox idi, maddi vəziyyəti də zəif idi. Amma ərim ona meyl göstərmişdi.”
Mən gülümsəyib dedim: “Bəlkə cavabı siz özünüz bilirsiniz.”
Sonra məlum oldu ki, həmin qadının sadəcə bir üstünlüyü var idi: Yumşaq və şirin danışırdı.
O, kəlmələri ilə kişinin qəlbinə yol tapmışdı.
Nəticə və ibrət
Bu hadisə böyük bir dərs verir: Bəzən qadın bütün gözəl xüsusiyyətlərə malik olsa da, sərt və ya tikanlı danışıq tərzi səbəbilə ərinin qəlbinə yol tapa bilmir.
Halbuki başqa bir qadın sakit, mehriban və təsirli sözlərlə ərin qəlbini yumşalda bilir.
Həzrət Əli (ə) buyurur: “Sözün gücü qılıncın gücündən daha təsirlidir.”
Odur ki, əgər qadın nitqində incəlik və təsir gücünü artırmağı bacararsa, o zaman ərini övlad tərbiyəsində ən mühüm və dəyərli bir tərəfdaşa çevirə bilər.
Oğlum iyirmi yaşındadır, universitet tələbəsidir və evlənmək arzusu var. Bu şəraitdə valideynlərin rolu nədən ibarət olmalıdır? Mən onun üçün elçi gedə bilərəmmi? Əgər qarşı tərəf razılaşmasa, nə etmək lazımdır?
Adətən biz övladların evliliyi ilə bağlı iki əsas məqamı vurğulayırıq:
Birinci məsələ budur ki, əgər bir gənc günah təhlükəsi ilə üz-üzə qalıb və səhvə düşmə ehtimalı yaranıbsa, bu halda evlilik onun üçün vacib olur. Yəni valideynlər belə bir vəziyyətdə bu ilahi məsuliyyətə qarşı laqeyd qala bilməzlər.
Belə hallarda, valideynin borcu ağıllı, düşünülmüş və məsuliyyətli seçim etməklə övladına doğru yolda dəstək olmaqdır.
Amma əgər şərait elədir ki, övlad günaha düşmür, lakin təbii və sağlam evlilik istəyi hiss edir, bu zaman ailələr üçün bir neçə vacib tövsiyə vardır:
1. Evliliyə realist və yetkin baxışın formalaşdırılması
İlk növbədə həm valideyn, həm də övlad bu mövzuda reallığa əsaslanan və düşünülmüş yanaşma formalaşdırmalıdır.
Evlilik sadəcə iki nəfərin emosional əlaqəsi deyil. Bu maddi, mənəvi, əxlaqi və sosial amillərin nəticəsidir.
Məsələn, Həzrət Əli (ə) Həzrət Fatimə (s.ə) üçün elçi gedəndə, Peyğəmbər (s) ondan soruşdu:
“Ya Əli, de görüm, nə gətirmisən?”
Bu sual, onun evliliyə hazır olub-olmadığını yəni maddi və məsuliyyət baxımından yetkinliyini sorğulamaq idi.
Bu hadisə göstərir ki, maddi hazırlıq və məsuliyyət hissi həm din, həm də ağıl baxımından evliliyin mühüm şərtlərindəndir.
Eləcə də biz övladımıza sual verməliyik:
“Hazırda hansı imkanların var? Öz həyatını idarə etməyə nə qədər hazırsan? Hansı bacarıqlara sahibsən?”
Bu birinci mərhələdir.
2. Əxlaq və davranış baxımından hazırlıq
İkinci mərhələ isə mənəvi və əxlaqa aid hazırlıqla bağlıdır.
Bir gənc ailə həyatı qurmaq istədikdə, o, həyat yoldaşı ilə münasibət, qohumluq əlaqələri və qarşılıqlı hörmət və səbir prinsiplərini bilməlidir.
Valideynlər ondan soruşmalıdır:
“Bu bacarıqlarla nə qədər tanışsan? Heç bu mövzuda təlim və ya kitab oxumusanmı?”
Əgər o, evlilik mərhələsinə yaxınlaşırsa, bilməlidir ki, həyat yoldaşının seçimi ciddi araşdırma və dərin düşüncə tələb edir.
Bu məqsədlə etibarlı evlilik mövzulu kitabların oxunması və mütəxəssislərlə məsləhətləşmə çox faydalıdır.
3. Duyğusal qərarların qarşısını almaq
Gəncləri evliliyə səthi və emosional deyil, dərin və məntiqli baxışa yönləndirmək vacibdir.
Bəzən gənclər yalnız ani hisslərə əsaslanaraq qərar verirlər. Halbuki evlilik ömürlük və taleyüklü qərardır, bu səbəbdən bütün tərəfləri diqqətlə ölçülüb-biçilməlidir.
Əgər bu mərhələdə biz övladımızla səmimi danışmasaq, gələcəkdə o, haqlı olaraq deyə bilər: “Siz təcrübəli idiniz, bilirdiniz, niyə məni xəbərdar etmədiniz? Mən gənc idim, başa düşmürdüm.”
Buna görə valideynlər gənclə açıq, lakin anlayışlı söhbət aparmalı, onun düşüncəsini yetkinləşdirməyə kömək etməlidirlər.
4. Doğru dəstək və elçilik mərhələsi
Əgər bu dialoqlardan sonra gəncin düşüncə və duyğu baxımından yetkinləşdiyi, həyatı idarə etməyə qadir olduğu və bərabər səviyyəli həyat yoldaşı axtardığı aydın olarsa,
valideynlər artıq dəstək və istiqamətvermə mərhələsinə keçməlidirlər.
Bu prosesdə müəyyən meyarlar nəzərə alınmalıdır, lakin ən mühüm qayda odur ki,
“Xeyr, sən hələ uşaqsan” kimi sərt və qəti cavablar verərək gəncin arzularını qırmaq və ruhdan salmaq olmaz.
Əksinə, sakit, məntiqli və izahlı ünsiyyət vasitəsilə məsələni izah etmək lazımdır:
Evliliyin sadə qərar deyil, hazırlıq və məsuliyyət tələb edən bir həyat mərhələsi olduğunu başa salmaq daha səmərəli nəticə verər.
Belə yanaşma həm gəncdə anlayış və hörmət hissini gücləndirər, həm də valideynlə övlad arasında qarşılıqlı etimadı möhkəmləndirər.
Bu dialoq nəticəsində fikir yetkinliyi, ailə mühitində harmoniya və məsuliyyətli qərarvermə bacarığı formalaşar.
Növbəti mövzu: Uşaqların texnologiya ilə davranışı
Oğlum on dörd yaşındadır. Atasının telefonunda etik olmayan şəkillərə baxıb. Özündə isə sadə bir telefon var. Bu vəziyyəti necə idarə etməliyik?
Bu kimi hallarda məsələni iki fərqli vəziyyətdə nəzərdən keçirmək lazımdır. Bəzən övlad bilərəkdən anlayır ki, valideyn bu məsələni artıq bilib, bəzən isə xəbərsizdir. Hər iki halda, düşünülmüş, təmkinli və prinsipial yanaşma tələb olunur.
Birinci hal: Uşaq anlayır ki, valideyn məsələni bilib
Bu halda iki əsas addım vacibdir:
Birinci addım – Valideyn, xüsusilə ana, narahatlıq və kədər hissini səmimi şəkildə ifadə etməlidir.
Məsələn, ana duyğusal və ciddi tonda belə deyə bilər:
“Bunu niyə etdin? Bilirsənmi bu hərəkət nə qədər yanlış və üzücüdür? Mən doğrudan da çaşmışam, bu davranışla necə davranım bilmirəm.”
Belə münasibət uşağın etdiyi hərəkətin mənəvi çirkinliyini və səhvliyini dərk etməsinə səbəb olur. Onun zehnində bu düşüncə formalaşmalıdır.
“Çox pis hərəkət etdim, kaş bunu etməyəydim. Anam bu qədər narahat oldu, deməli, doğrudan da pis iş görmüşəm.”
İkinci addım – Eyni hadisənin təkrarlanmaması üçün önləyici tədbirlərin görülməsidir.
Bu tədbirlər ağıllı, sakit və dolayı yolla həyata keçirilməlidir.
Məsələn, valideynlər bundan sonra telefonlarına daha diqqətlə nəzarət etməli, uşağın təkbaşına və gizli şəkildə telefondan istifadə etməsinə şərait yaratmamalıdırlar.
Telefonla işləmək mühiti ümumi və görünən bir məkanda olmalıdır ki, səhv üçün imkan azalsın.
İkinci hal: Uşaq hələ bilmir ki, valideyn məsələni bilir
Bu halda valideyn uşağı “qorxu və ümid arasında” bir vəziyyətdə saxlamalıdır.
Məsələn, ana yumşaq, amma xəbərdarlıq xarakterli tonda belə deyə bilər:
“Balam, atanın telefonunu götürüb onun icazəsi olmadan elə bir şeyə baxmayasan ki, sonra o əsəbləşsin yaxud uyğun olmayan yazısını oxumayasan ki, o biləndə əsəbləşsin.
Bu cür ifadə uşağın zehnində sual yaradır:
“Görəsən, anam bilir, yoxsa təsadüfən belə dedi?”
Bu qeyri-müəyyənlik və ehtiyat hissi özlüyündə tormozlayıcı və önləyici təsir göstərir.
Bu vəziyyətdə də ikinci mərhələ əvvəlki kimi qalır: Uşağın təkbaşına telefonla qalmasının qarşısı alınmalı və bu məsələ ciddi şəkildə nəzarətdə saxlanmalıdır.
Uşağın “şəxsi məkan” və “gizlilik” anlayışı haqqında
Bəzən valideynlər narahat olur ki, belə xəbərdarlıqlardan sonra uşaq “mənim şəxsi həyatım var, siz qarışa bilməzsiniz” kimi yanlış təsəvvür formalaşdıra bilər.
Halbuki, burada istifadə olunan ifadələr nəzarət və valideyn məsuliyyəti ilə ziddiyyət təşkil etmir.
Məsələn, “elə şeylərə baxma ki, baxmaq olmaz” dedikdə, uşaq bu fikri atasının telefonundakı məzmunla əlaqələndirmir.
Burada əsas məqsəd, öz davranışına dair xəbərdarlıq və məsuliyyət hissinin oyadılmasıdır.
Eyni zamanda, bəzən belə hallar atanın internetdə təsadüfən qarşısına çıxan məzmunlardan da qaynaqlana bilər.
Təəssüf ki, internet mühiti tam təhlükəsiz deyil və uyğunsuz materiallarla qarşılaşmaq ehtimalı hər zaman mövcuddur.
Bu səbəbdən valideynlər texnologiyadan şüurlu və peşəkar şəkildə istifadə etməli,
nəzarət proqramları və təhlükəsizlik vasitələrindən yararlanaraq ailə və uşaqlar üçün etibarlı rəqəmsal mühit yaratmalıdırlar.
Nəticə və əsas tövsiyə
Söhbətin sonunda bir vacib məqamı xüsusi olaraq qeyd etmək lazımdır:
Valideynlər mütləq şəkildə övladlarının “zehni qidasına” diqqət yetirməlidirlər.
Bu qidanın ən mühüm hissəsi, oxuduğu və izlədiyi məzmundur.
Məsum İmamlardan gələn rəvayətlərin birində deyilir: “Necə ki, halal qidaya diqqət yetirirsiniz, eləcə də övladınızın zehnini bəsləyən məlumatların təmizliyinə diqqət edin.”
Uşağın oxuduğu və gördüyü hər bir şey onun şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında dərin iz buraxır.
Bu səbəbdən fikri və mədəni mənbələrin seçimi uşağın əqli, mənəvi və əxlaqi sağlamlığının qorunmasında əsas rol oynayır.
Qeyd:
Mövzunun səsli versiyasını dinləmək və yükləmək üçün buraya klikləyə bilərsiniz
Rəyiniz